HÖRMƏTLİ HƏMKARLAR!
AZKLMİB olaraq 2025-ci ili uğur və nailiyyətlərlə başa vurduğumuzu böyük məmnuniyyətlə bildiririk. İl ərzində həyata keçirdiyimiz genişmiqyaslı elmi proqramlar, beynəlxalq əməkdaşlıq layihələri, konqreslər və davamlı təhsil təşəbbüsləri laborator tibb ictimaiyyətimiz üçün mühüm inkişaf mərhələsi olmuşdur. Bu dövr ərzində həm ölkəmizdə, həm də beynəlxalq elmi platformalarda Azərbaycan laboratoriya tibb məktəbinin nüfuzunun daha da güclənməsi istiqamətində əhəmiyyətli addımlar atdıq.
2025-ci ildə təşkil etdiyimiz 3-cü Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Exponun (AZLTK & LAB EXPO 2025) yüksək səviyyədə keçirilməsi bizim üçün böyük qürur mənbəyi oldu. “Suveren Azərbaycan naminə!” şüarı altında hazırlanan elmi proqram, iştirakçı sayı, beynəlxalq əməkdaşlıqlar və gənc tədqiqatçıların fəal iştirakına görə konqres regionun ən nüfuzlu laborator tibb tədbirlərindən biri kimi qiymətləndirildi.
Bu il də ənənəvi olaraq EFLM, IFCC, KBUD, KLİMUD və digər beynəlxalq qurumlarla sıx elmi əməkdaşlıq həyata keçirildi. Gənc mütəxəssislərimizin elmi işlərinin konqresə qəbul edilməsi, mükafatlandırılması və geniş auditoriyada təqdim olunması növbəti dəfə ölkəmizin elmi potensialını nümayiş etdirdi.
2025-ci ildə AZKLMİB-in beynəlxalq fəaliyyəti xüsusi diqqətəlayiq olmuşdur.
EFLM-nin Belçikada keçirilən 2025-ci il Konqresində iştirakımız, həmçinin bir sıra üzvlərimizin EFLM təqaüd proqramlarını qazanması laborator tibb mütəxəssislərimizin Avropa elmi mühitində artan nüfuzunu təsdiq edir. Bu uğur həm ölkəmizin elmi mütəxəssislərinin yüksək səviyyədə hazırlanmasının, həm də AZKLMİB-in beynəlxalq əməkdaşlıqlara verdiyi önəmin bariz göstəricisidir.
AZKLMİB-in nümayəndə heyəti 19–23 noyabr 2025 tarixlərində Antalyada keçirilən
KLİMUD 2025 – 8. Ulusal Klinik Mikrobiyoloji Kongresi və 5. Ulusal Viroloji Günlərində aktiv çıxışlarla ölkəmizi təmsil etmişdir.
4 həmkarımızın ana məruzələrlə çıxış etməsi, əlavə olaraq mütəxəssislərimizin müxtəlif panellərdə sədr kimi iştirak etmələri Azərbaycan elmi məktəbinin mövqeyini daha da gücləndirmişdir. Bundan əlavə, KLİMUD 2025-in elmi proqramına AZKLMİB üzvlərinin
- 4 şifahi məruzə,
- 12 poster təqdimatı daxil edilmişdir.
PhD Ruqiyyə Səmədzadə poster birincilik mükafatına layiq görülmüşdür. Gənc azərbaycanlı mütəxəssislərin dinamik fəaliyyəti ölkəmizin klinik laboratoriya sahəsində artan nüfuzunu bir daha sübut etmişdir.
Gənc mütəxəssislər Zibeydə Qənbərova və Fatimə Heydərova elmi işləri ilə qazandıqları AZKLMİB-in “Akademik Zakir Qarayev adına təqaüd”ü ilə KLİMUD 2025-də iştirak etmişlər.
AZKLMİB olaraq 24–27 noyabr 2025-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən KBUD 2025 – Klinik Biyokimya & LAB Expo Konqresində ölkəmizi geniş nümayəndə heyəti ilə təmsil etdik. Konqresin elmi mövzuları toksikologiya, endokrinologiya, molekulyar diaqnostika, yeni biomarkerlər, laboratoriya prosesləri, transfuzion tibb və digər aktual sahələri əhatə edirdi. AZKLMİB İH sədri konqresin açılışında məruzə ilə çıxış etmiş və mütəxəssislərimiz bir neçə əsas elmi panelə sədrlik etmişdir. Konqresdə 60-dan çox gənc Azərbaycanlı laboratoriya mütəxəssisi iştirak etmiş, bir çoxunun şifahi və poster məruzələri elmi proqramda yer almışdır. Konqres Azərbaycan laboratoriyasının beynəlxalq platformada güclü şəkildə tanınmasına mühüm töhfə vermişdir.
AZKLMİB-in davamlı tibbi təhsil ənənəsinə sadiq qalaraq təşkil etdiyi ayıq və ardıcıl onlayn vebinar proqramları 2025-ci ildə də geniş auditoriya üçün dəyərli bilik platforması olmuşdur. Mövzular laborator proseslərdən tutmuş immunologiya, molekulyar genetika və klinik diaqnostikanın yeni istiqamətlərinə qədər müxtəlif sahələri əhatə etmişdir.
Bütün bu uğurlarımız fonunda məmnuniyyətlə bildiririk ki: 30 aprel – 02 may 2026-cı il tarixləri arasında “Baku Marriott Hotel Boulevard”da 4-cü Konqresimiz, AZLTK & LAB EXPO 2026 təşkil olunacaqdır. Konqres bu il də beynəlxalq tərəfdaşların geniş iştirakı ilə keçiriləcək və ölkəmizin laborator tibb sahəsində regional lider mövqeyini daha da gücləndirəcək.
Ölkəmizdə və regionda ilk dəfə olaraq tibb sahəsində Avropa elmi cəmiyyətinin mühüm elmi toplantılarından biri Azərbaycanda keçiriləcəkdir.
Belə ki Avropa Klinik Kimya və Laborator Tibb Federasiyası (EFLM) İdarə Heyəti ölkəmizdə “Laborator tibbdə yeni trendlər” (“New trends in laboratory medicine”) mövzulu elmi simpozium təşkil etmək barədə qərar qəbul etmişdir.
AZLTK & LAB EXPO 2026 çərçivəsində EFLM tərəfindən təşkil olunacaq yüksək səviyyəli beynəlxalq Simpoziumunun Elmi Proqramında müxtəlif Avropa ölkələrindən olan dünya şöhrətli alimlər mühazirələr təqdim edəcəklər. Bu proqram Avropanın ən aparıcı alimlərinin iştirakı ilə yüksək səviyyəli elmi fikir mübadiləsi üçün unikal imkan yaradacaq.
4-cü Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Expo-nun digər Elmi Panelləri də ənənəvi olaraq Türkiyənin KBUD, KLİMUD dərnəklərinin, eləcə də üzvü olduğumuz beynəlxalq və Avropa federasiyalarının dəstəyi və bilavasitə iştirakı ilə təşkil olunacaqdır. Bu Konqresdə də Azərbaycanda laborator tibb sahəsinin inkişafına mühüm töhfələr vermiş görkəmli elm xadimlərinin xatirəsi unudulmayacaq, gənc kadrlarımızın elmi işlərini dəstəkləmək məqsədilə adlı mükafatlar təsis ediləcək. Gənc üzvlərimizdən elmi işlərinin tezisləri ilə konqresdə aktiv iştiraklarını gözləyirik.
Əziz həmkarlar!
Azərbaycanın inkişaf edən laborator tibb sahəsinə töhfə vermək yolunda birlikdə böyük nailiyyətlər əldə edirik. Bu Konqresdə də Biokimya, Mikrobiologiya, İmmunologiya, Patologiya, Genetika sahələrini əhatə edən, bir-birindən maraqlı simpozium, panel məruzələr və konfranslar yer alacaqdır. Konqres iştirakçıları üçün maraqlı sosial proqramların təşkil olunması da nəzərdə tutulur. Sizi AZLTK & LAB EXPO 2026 çərçivəsində keçiriləcək bütün elmi və sosial tədbirlərdə fəal iştirak etməyə dəvət edirik. Konqreslə bağlı yenilənmiş məlumatlar www.azltk2026.org saytında və AZKLMİB-in sosial media hesablarında paylaşılacaq. Hörmətlə,
Konqresin sədri
Dos. Dr. Ramin Bayramlı

